Qadin dunyasi ---- Sonsuzlugun 8 yolu
Övlad sahibi olmaq istəyən cütlüklərin qarşısına çıxan ən böyük problemlərdən biri sonsuzluqdur. Aparılan araşdırmalar göstərir ki, bu gün təxminən 15 faiz insan sonsuzluqdan əziyyət çəkir. Əksər hallarda isə kişilərin bu xəstəliyə tutulması cütlüklərin övlad sahibi olmasına maneçilik törədir. Amma təəssüflər olsun ki, bu gün çox az insan sonsuzluq yaradan səbəblər haqqında məlumatlıdır. İnsanlar bu barədə məlumatsız olduqları üçün ondan qorunmaq yollarını da bilmirlər. Budəfəki məqaləmizdə çalışacağıq ki, sizə məhz bu barədə məlumat verək.
Mütəxəssislər belə hesab edirlər ki, kişilərdə sonsuzluq yaradan əsas səbəb bir çox hallarda onların səhhətlərinə qarşı biganə davranmalarıdır. Ümumilikdə isə sonsuzluğa səbəb olan amillər aşağıdakı kimi qruplaşdırılır:
1. Cinsi orqanların zədələnməsi və ya onlarda anadangəlmə müşahidə edilən hansısa problem
2. Kisəcikdə yerləşən və xüsusi olaraq spermanın xaricə ötürülməsi üçün nəzərdə tutulan damarın və toxum kanalcığının böyüməsi. Belə olduqda xayada hərarət artır, iş prinsipi pozulur və spermatozoidlər zədələnirlər.
3. Cinsi əlaqə yolu ilə ötürülən infeksion xəstəliklər: qonoreya, sifilis, xlamidioz, trixomoniaz və s.
4. Sidik-cins üzvlərinin, məsələn, prostat vəzi və ya sidik kanalının iltihabı.
5. Ereksiyanın pozulması, vaxtından qabaq toxumaxıtma və s.
6. İmmun pozulmaları: immunitetin işinin pozulması ilə orqanizmdə spermatozoidləri zədələməyə qadir olan xüsusi maddələr əmələ gəlir.
7. Kişi cinsi hormonunun testosteronun çatışmazlığı. Bunun isə əsas səbəbi qanda testosteron hormonunun səviyyəsinin azalmasıdır. Buna səbəb isə xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər. Leydinq hüceyrələri isə xayalıq orqanlarının travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə patologiyaları və s. səbəblərə görə zədələnə bilər.
8. Qanda prolaktin hormonu səviyyəsinin artması. Bu hal kişi orqanizmində testosteron hormonunun səviyyəsinin azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində kişi sonsuzluğunun inkişafına şərait yaradır. Kişi orqanizmində qanda prolaktinin səviyyəsinin artmasının səbəbi isə hipofizin şiş xəstəliyi, həmçinin davamlı stresslər ola bilər
Kişi orqanizmində olan hormonal pozğunluqlar qadın orqanizminə nisbətən daha gec müalicə olunur. Buna görə də həm özünüzün, həm də ailənizin gələcəyi üçün hansısa cinsi narahatlığınız olduğu zaman həkimə müraciət etməkdən çəkinməyin
***** Zuzu.Az